Azərbaycan Tibb Universitetində sənəd qəbulu başlayıb
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olunanların sənəd qəbuluna başlanılıb.
Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı ilə ATU-nun rəsmi internet saytında (www.amu.edu.az) tanış olmaq mümkündür.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, çətinlik çəkən abituriyentlər üçün bəzi sənədlərin forması əvvəlcədən saytda və universitetin Facebook səhifəsində də yerləşdirilib. Abituriyentlər qeydiyyatla bağlı suallarına həm Facebook səhifəsindən, həm də 595 49 11 əlaqə nömrəsinə zəng etməklə cavab ala bilərlər.
ATU-da hər fakültənin qeydiyyatı ayrıca aparılır. Bu ildən etibarən sənəd qəbulu zamanı universitetə qəbul olunan abituriyentlərin xarici dil və idman növü seçimi üçün də ayrıca guşə yaradılıb.
Qeydiyyat hər gün (istirahət günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək ATU-nun 5 saylı tədris korpusunda avqustun 24-dək aparılacaq. Bu müddət ərzində qeydiyyatdan keçməyənlər tələbə adını qazana bilməyəcəklər.