Azərbaycan Tibb Universitetinin 1 saylı yataqxanası əsaslı təmirdən sonra istifadəyə verilmişdir
Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 10-da Azərbaycan Tibb Universitetinin (ATU) 1 saylı yataqxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, universitetin müəllim və tələbələri iştirak etmişlər. Mərasimdə məlumat verilmişdir ki, hazırda universitetin 6 yataqxanası vardır. ATU-nun tələbə yataqxanalarının tikintisinin əsası XX əsrin 30-cu illərində bu ali tibb təhsili müəssisəsinin o zamankı rektorlarından olan görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyev tərəfindən qoyulmuş, sonrakı illərdə bu təşəbbüs davam etdirilmişdir. 1941-1945-ci illərdəki İkinci Dünya müharibəsi zamanı ATU-nun 1 və 2 saylı tələbə yataqxanalarından təxliyyə hospitalı kimi istifadə edilmişdir. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha 4 müasir tipli yataqxana binası tikilərək tələbələrin ixtiyarına verilmişdir. Son 10 ildə dövlətimizin başçısının diqqət və qayğısı sayəsində yerli və xarici tələbələrin istifadə etdikləri bütün yataqxana binalarında əsaslı təmir işləri aparılmış, binalar ən yeni avadanlıqlarla təchiz edilmiş, tələbələrin rahatlığı üçün hər cür şərait yaradılmışdır.
Qeyd olunmuşdur ki, universitetin əsaslı təmirdən sonra istifadəyə verilən 1 saylı yataqxanası müasir məişət avadanlıqları ilə təchiz edilmişdir. Universitetin daxili imkanları hesabına təmir edilmiş beşmərtəbəli yataqxana 180 yataq, 1 istirahət, 1 qonaq və 1 yeməkxana otağından, eləcə də geniş oxu zalından ibarətdir. Bundan əlavə, hər mərtəbədə ən müasir tələblərə cavab verən mətbəx və duş kabinələri də tələbələrin ixtiyarında olacaqdır. Yataqxananın ikinci mərtəbəsi ATU-da təhsil alan xarici, digər mərtəbələr isə yerli tələbələr üçün nəzərdə tutulmuşdur.
Rektor Əhliman Əmiraslanov görülən işlərdən razılığını bildirmiş, universitetin kollektivini təbrik etmiş və onlarla xatirə şəkli çəkdirmişdir.