Azərbaycan Tibb Universitetinin əməkdaşı Mayamidə keçirilən dünya konqresində çıxış edib
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) birinci cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov bariatrik cərrahiyyə üzrə dünya miqyaslı konqresdə ölkəmizi təmsil edib. ATU əməkdaşı Beynəlxalq Piylənmə və Metabolik Xəstəliklərin Cərrahiyyə Federasiyasının (IFSO) növbəti illik toplantısında poster təqdimatla çıxış edib.
AZƏRTAC ATU-a istinadla bildirir ki, bariatrik və metabolik cərrahların beynəlxalq təşkilatı olan IFSO dünyanın fərqli ölkəsindən yüzlərlə mütəxəssisi, 70-dən çox milli təşkilatı özündə birləşdirir. Qurumun Mayamidə keçirilən 25-ci toplantısında çıxış edən T.Ömərov mədənin boylama rezeksiyası zamanı yaranan fəsadların profilaktikası məqsədilə uzun illərdir tətbiq edilən metodun müqayisəli təhlilindən bəhs edib.
Qeyd edək ki, T.Ömərova məxsus laparoskopik bariatrik cərrahiyyə əməliyyatının yeni modifikasiyası - “Aşırı piylənməsi olan xəstələrdə bariatrik - metabolik cərrahi müalicənin optimallaşdırılması” metodu üçün Avrasiya Patent Təşkilatından (EPO) patent alıb, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən Beynəlxalq İdeya Müəllifliyi kimi seçilib. Ölkəmizdə ilk bariatrik metabolik cərrahi əməliyyatları aparan cərrahlardan olan T.Ömərov 2014-cü ildə Azərbaycan Bariatrik və Metabolik Cərrahlar dərnəyinin yaradıcılarındandır.
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri T.Ömərovun bu metodu piylənmədən əziyyət çəkən pasiyentlərin artıq çəkidən qurtulması üçün icra edilən cərrahiyyə əməliyyatları zamanı istifadə olunur. İndiyədək dünyanın bir çox nəşrlərində cərrah T.Ömərovun 2013-2017-ci illərdə hazırladığı bu metodu barədə elmi məqalələr dərc olunub.