İQTİSADİYYAT
Azərbaycan Türkiyədə ən böyük enerji sərmayəçisinə çevrilir
İstanbul, 11 noyabr (AZƏRTAC). “SOCAR Türkiyə” şirkətinin rəhbəri Kənan Yavuz Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının üçüncü iclası ərəfəsində jurnalistlərin suallarını cavablandırmışdır.
K.Yavuz demişdir ki, “Star” neft emalı zavodunun tikintisi uğurla davam edir. Bu layihədə “Turgas” şirkəti 18.5 faiz paya sahibdir. Hər il enerji daşıyıcıları idxalına 60 milyard dollar sərf edən Türkiyənin 2017-ci ildə istifadəyə veriləcək “Star” neft emalı zavoduna böyük ehtiyacı vardır.
Bildirilmişdir ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 17-20 milyard dollar sərmayə yatıracaq və beləliklə, qardaş ölkədə ən böyük sərmayəçi olacaqdır. “SOCAR Türkiyə” nəql, emal və satış məsələlərində inteqrasiyaya böyük diqqət verir, TANAP, “Petkim” limanının inşası, təbii qaz satışı sahələrində atılan addımlar da bu məqsədə xidmət edir. Bu sərmayələrin yatırılmasında Türkiyə banklarının da iştirakı təmin olunmuşdur. “EximBank” və digər özəl maliyyə qurumları enerji layihələrin maliyyələşdirilməsində fəal iştirak edirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul