Azərbaycan Universitetinin növbəti layihəsi uğurla başa çatıb
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Universitetində Təlim-Tədris Mərkəzinin Keyfiyyət təminatı şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Learn2Share” layihəsinin final tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.
Tədbirin açılışında Təlim-Tədris Mərkəzinin müdiri Samir Salayev çıxış edərək layihə haqqında məlumat verib. Samir Salayev qeyd edib ki, layihədə iştirak edən tələbələr müsahibə yolu ilə seçiliblər. Onlar aprel-may ayları ərzində “Problemi seçmə və problemi araşdırmaq yolları”, “Problemin aktuallığını və təklifləri vizuallaşdırmaq yolları”, “Təsirli nitq - natiqlik vasitəsilə mesaj çatdırmaq” mövzusunda təlimlərdə iştirak ediblər. Bu gün isə layihə iştirakçıları əldə etdikləri bilik və bacarıqları tətbiq edərək öz ideyalarını təqdim edir, aktual problemlərin həlli istiqamətində təkliflərini bölüşürlər.
Sonra “Learn2Share” layihəsi çərçivəsində təlimlərdə iştirak etmiş 19 tələbə auditoriya qarşısında aktual mövzular üzrə çıxış edib, təqdimat və natiqlik bacarıqlarını nümayiş etdiriblər. Təqdimatlar tələbələrin şəxsi inkişaf və ictimai çıxış sahəsində əldə etdikləri təcrübə və özünüifadə bacarıqlarını uğurla əks etdirib.
Təqdimatlardan sonra universitetin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva çıxış edərək Təlim-Tədris Mərkəzi tərəfindən universitetin prioritetlərinə uyğun təlimlər təşkil olunduğunu qeyd edib. Rektor həm mərkəzin fəaliyyətini, həm də “Learn2Share” layihəsində iştirak edən tələbələrin təqdimatlarını yüksək qiymətləndirdiyini bildirib. Həmçinin tələbələrin təşəbbüskarlıq və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsinin universitet üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Layihənin gələcəkdə daha geniş auditoriyanı əhatə edəcəyinə və yeni təşəbbüslərin formalaşmasına töhfə verəcəyinə inandığını ifadə edib.
Sonra tələbələrə iştirakçı sertifikatları təqdim edilib.
Qeyd edək ki, “Learn2Share” layihəsinin məqsədi tələbələrdə problem araşdırma, vizuallaşdırma və geniş auditoriya qarşısında effektiv təqdim etmək bacarıqlarının formalaşdırılmasıdır. Layihənin final tədbirində Təlim-Tədris Mərkəzinin Keyfiyyət təminatı şöbəsi ilə birlikdə həyata keçirdiyi “Tədrisin təşkili və tütor fəaliyyəti” mövzusunda təlim kursunu uğurla başa vuran akademik məsləhətçilərə də müvafiq sertifikatlar təqdim olunub.