RƏSMİ XRONİKA
Azərbaycan və Avstriya Prezidentlərinin mətbuat konfransı olmuşdur
Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin mətbuat konfransı olmuşdur.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etmişlər.
Avstriyanın dövlət başçısını ölkəmizdə görməkdən bir daha məmnun olduğunu vurğulayan Prezident İlham Əliyev demişdir ki, Azərbaycan tərəfi bu səfərə böyük əhəmiyyət verir, çünki bu, Avstriya Respublikasının Federal Prezidentinin ölkəmizə ilk səfəridir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avstriya dövlətinin başçısına məlumat verdiyini qeyd edən Prezident İlham Əliyev demişdir ki, BMT və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan məsələnin həllində qeyri-konstruktivlik göstərməkdə davam edir. Dövlətimizin başçısı ümidvar olduğunu bildirmişdir ki, yaxın vaxtlarda münaqişə həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir.
Prezident İlham Əliyev vurğulamışdır ki, ölkələrimiz arasında iqtisadi münasibətlər inkişaf edir və hazırda Azərbaycanda Avstriyanın 40 şirkəti fəaliyyət göstərir. Dövlətimizin başçısı bu ilin əvvəlində Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub” qaz dəhlizi üzrə qəbul edilən bəyannamənin əhəmiyyətinə toxunaraq demişdir ki, indi Azərbaycanın təsdiq edilən qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu da həmin sahədə Avropa İttifaqı ilə əməkdaşlığa öz töhfəsini verəcəkdir.
Mədəniyyət sahəsində də əməkdaşlığı yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirmişdir ki, bu, xalqlar arasında münasibətlərə böyük töhfədir.
Azərbaycana böyük heyətlə gəldiyini qeyd edən Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer bunun ölkəsinin Azərbaycan ilə münasibətlərə verdiyi böyük əhəmiyyətinin göstəricisi olduğunu vurğulamışdır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbriklərini çatdıran Avstriya dövlətinin başçısı əmin olduğunu bildirmişdir ki, Azərbaycana gələn hər bir kəs son illərdə burada əldə edilən uğurlardan məmnun olacaqdır.
“Avstriya Azərbaycan ilə diplomatik münasibətlər yaradan ilk ölkələrdəndir”, - deyən Haynts Fişer ölkələrimizin enerji sahəsində əməkdaşlığına toxunmuşdur. Avstriya dövlətinin başçısı qeyd etmişdir ki, Avropanın enerji təhlükəsizliyi etibarlı əllərdədir. Bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi gözəl bazadır və bugünkü danışıqlar bir daha onu göstərmişdir ki, Azərbaycan bu sahədə münasibətlərə böyük töhfə verir.
Ölkələrimizin bir çox sahələrdə iqtisadi əməkdaşlığının inkişaf etdiyini deyən Avstriya Respublikasının Federal Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulamışdır.
Sonda dövlət başçıları jurnalistlərin suallarını cavablandırmışlar.