Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir
Bakı, 17 aprel (AZƏRTAC, Şahin Hüseynzadə). Aprelin 17-də Azərbaycan Tibb Universitetində (ATU) İran İslam Respublikasının səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sominin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.
AZƏRTAC xəbər verir ki, görüşdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov son illərdə Azərbaycan ilə İran arasında digər istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də əlaqələrin genişləndiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 9-da İrana səfəri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əlaqələrin genişlənməsində mühüm rol oynamışdır. Azərbaycan dövlətinin başçısının səhiyyə sahəsinə xüsusi qayğısını diqqətə çatdıran rektor qeyd etmişdir ki, bunun nəticəsində son illərdə ATU-nun 4 yeni klinikası fəaliyyətə başlamışdır.
Bildirilmişdir ki, universitetdə Türkiyə, İran, ərəb ölkələri, Hindistan, Pakistan və digər ölkələrdən 1200-dək tələbə təhsil alır. Bu tələbələrdən 300-ə yaxını İran vətəndaşlarıdır. Universitetdə 160-dan çox professor, ümumilikdə isə 1000-dən artıq professor-müəllim heyəti çalışır.
İki təhsil ocağı arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirən İran nümayəndə heyətinin başçısı Məhəmmədhüseyn Somi, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Qonaq ölkələrimizin ali tibb məktəbləri arasında tələbə mübadiləsinin genişləndirilməsinin bu işə böyük töhfələr verəcəyinə əmin olduğunu bildirmişdir.
Görüşdə çıxış edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin iki ölkə arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu vurğulamışdır. Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsində mühüm rol oynayacağını bildirmişdir.
Sonda Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Elmləri Universiteti arasında əməkdaşlığın genişləndirilməsinə dair müqavilə yenilənmişdir.