Azərbaycan və Latviyanın biznes strukturları arasında “B2B Education Forum” keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
“Caspian Energy Club” və Latviya Ticarət və Sənaye Palatasının (LCCI) birgə təşkilatçılığı ilə oktyabrın 18-də Bakıda “LEF Network Azerbaijan” (Latviya, Estoniya, Finlandiya) layihəsi çərçivəsində “B2B Education Forum” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Latviya Respublikasının Azərbaycandakı yeni təyin edilmiş səfiri Edqars Skuya “B2B Forum”unun Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrin inkişafına həsr olunduğunu qeyd edib.
Səfir “B2B Forum”unun əsas mövzusu beynəlxalq təhsil olduğunu diqqətə çatdırıb. Forum çərçivəsində Latviya və Azərbaycanda biznes mühiti, “LEF Network” (Latviya, Estoniya, Finlandiya) layihəsi, Latviya-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tədbirdə dövlət müəssisələrinin, diplomatik nümayəndəliklərin, ali təhsil müəssisələrinin nümayəndələri və Azərbaycanla yanaşı, Latviya, Estoniya, Finlandiyanı təmsil edən kommersiya şirkətlərinin rəhbərləri fəal iştirak edib.
Forum çərçivəsində Latviya, Estoniya və Finlandiyanı təmsil edən biznes strukturlarının nümayəndələri arasında müzakirələrlə davam edib və əməkdaşlığa dair razılaşmalar əldə olunub.