Azərbaycan və Qaraqalpaq Musiqili teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbəkistan Respublikasının Berdax adına Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrından AZƏRTAC-a bildirilib ki, memorandumun imzalanmasında məqsəd Azərbaycan və Özbək xalqları arasında mövcud olan tarixi, mədəni və etnik yaxınlıq əsasında teatr sahəsində əməkdaşlığın genişləndirilməsi, yaradıcı əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsidir.
Sənədə əsasən tərəflər rejissor, aktyor, rəssam və dramaturqların qarşılıqlı təcrübə mübadiləsi, birgə tamaşaların hazırlanması, qastrol səfərlərinin təşkili, beynəlxalq festivallarda iştirak, ustad dərsləri və yaradıcı görüşlərin keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda, hər iki ölkənin ən yaxşı yerli və dünya dramaturgiyası nümunələrinin qarşılıqlı olaraq səhnələşdirilməsi nəzərdə tutulur.
Memorandum Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı və Berdax adına Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrının direktoru Paraxat Mamudov tərəfindən imzalanıb.