AZƏRBAYCAN VƏ STAVROPOL İŞ ADAMLARININ BAKIDA GÖRÜŞÜ OLMUŞDUR
Görüşü İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri Samir Vəliyev açmışdır. O, qonaqları Azərbaycanın makroiqtisadi göstəriciləri və aparılan iqtisadi islahatlarla tanış etmiş, ölkəmizin turizm və kənd təsərrüfatı məhsulları emalı sahələrində rusiyalıların iştirakını arzulamışdır.
Stavropol diyarının iqtisadi inkişaf və ticarət nazirinin birinci müavini Viktor Milenin irəli sürülən təkliflər arasında taxıl tədarükünü xüsusi nəzərə çatdırmışdır. Xatırladaq ki, 2003-cü ildə Azərbaycana 70 min ton Stavropol taxılı gətirilmişdi. Nazir müavini növbəti illərdə bu rəqəmin 300 min tona çatdırılmasının tərəfdarı olduğunu söyləmişdir. O, qeyd etmişdir ki, Stavropol diyarından Bakıya gəlmiş nümayəndələr 25-dək müəssisəni təmsil edirlər. Bu müəssisələrdən 8-i məhz taxıl və digər kənd təsərrüfatı məhsullarının tədarükü ilə məşğuldur.
Stavropollu nazir müavini yerlilərinin Lənkəranın faraş tərəvəzini almaqda çox maraqlı olduğunu da bildirmişdir.
Tərəflərin yeyinti sənayesi, cihazqayırma, maşınqayırma, kimya və əczaçılıq sənayesi, ictimai iaşə və ticarət müəssisələrinin nümayəndələri fikir mübadiləsi aparmışlar.
Biznesmenlərin görüşü davam edir.