AZƏRBAYCAN VƏ TÜRKİYƏ HƏMKARLAR İTTİFAQLARI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, iyulun 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə səfərdə olan Türkiyənin “Kamu-Sen” Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Bircan Akyıldızın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AHİK sədri Azərbaycan-Türkiyə əlaqələrindən danışmış, respublikamızda həyata keçirilən quruculuq işləri, iqtisadi islahatlar, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat vermişdir.
Azərbaycan həmkarlar ittifaqlarının tarixindən söz açan S.Mehbalıyev bildirmişdir ki, ilk kollektiv müqavilə - “Mazut Konstitusiyası” neft sahibkarları ilə işçilər arasında XIX əsrin əvvəllərində məhz Bakıda imzalanmışdır. Bu ənənəni davam etdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər il Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Baş Kollektiv Sazişi imzalayır. Sazişdə işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi əsas yer tutur. Sənəddə göstərilən şərtlərin tələblərinin yerinə yetirilməsi vaxtaşırı təhlil edilir, həmkarlar ittifaqı üzvlərinə və tərəfdaşlara çatdırılır.
Həmkarlar ittifaqlarının 1 milyon 600 min insanı birləşdirdiyini deyən S.Mehbalıyev vurğulamışdır ki, bu, böyük qüvvədir və Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolu vardır.
Ulu öndər Heydər Əliyevin bu quruma öz missiyasını yerinə yetirmək üçün hərtərəfli şərait yaratdığını bildirən AHİK sədri demişdir ki, məhz onun şəxsi təşəbbüsü ilə 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının daha mütəşəkkil qorunması, onların sosial və digər problemlərinin həlli üçün möhkəm hüquqi baza yaratmışdır.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verdiyi dəstək onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün geniş imkanlar açmışdır. AHİK indiyədək 29 ölkənin 34 həmkarlar ittifaqı təşkilatı ilə birbaşa əlaqələr qurmuş, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi 168 mərkəz ilə fəaliyyətini əlaqələndirmişdir.
Ulu öndər Heydər Əliyevin həmkarlar ittifaqlarına olan doğma münasibəti onun siyasi xəttinin layiqli varisi Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. AHİK-in təkliflərinin hökumət tərəfindən daim müdafiə olunması bunun bariz nümunəsidir.
Azərbaycan və Türkiyə həmkarlar ittifaqlarının qarşılıqlı əlaqələrindən söz açan AHİK sədri S.Mehbalıyev, bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini vurğulamışdır.
Türkiyənin “Kamu-Sen” Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Bircan Akyıldız Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə, eyni zamanda, qardaş ölkələrimizin həmkarlar ittifaqları arasında yaranmış işgüzar münasibətlərin daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
######
