SİYASƏT
Azərbaycan və Ukrayna hüquqi yardım haqqında müqavilələr çərçivəsində əməkdaşlığın intensivləşdirilməsinə maraq göstərirlər
Kiyev, 10 noyabr (AZƏRTAC). Azərbaycan və Ukrayna hüquqi yardım haqqında müqavilələr çərçivəsində əməkdaşlığın intensivləşdirilməsinə maraq göstərirlər.
Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, bu barədə söhbət səfir Eynulla Mədətli ilə Ukraynanın ədliyyə naziri Aleksandr Lavrinoviçin görüşü zamanı getmişdir.
Azərbaycan diplomatının sözlərinə görə, səfirlik iki ölkə üçün qüvvədə olan beynəlxalq hüquqi müqavilələr çərçivəsində Ukraynada istintaq altında olan, məhkəmənin qərarı ilə məhkum edilmiş və cəzasını çəkən Azərbaycan vətəndaşlarının sayı barədə informasiyaya görə minnətdar olardı. Onun fikrincə, bu, səfirliyin Ukraynada Azərbaycan vətəndaşlarının hüquqlarının təmin və müdafiə olunması işinə kömək edərdi.
Səfir, həmçinin münasibətlərin inkişafı, o cümlədən məhkəmə tərəfindən azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının qalan hissəsini çəkmək üçün ekstradisiyası və təhvil verilməsi sahəsində normativ baza barədə məlumat vermişdir.
Görüşdə tərəflər ikitərəfli müqavilə-hüquqi bazanın və idarələrarası əlaqələrin inkişafının aktuallığı məsələsində həmrəy olduqlarını bildirmişlər.
A.Lavrinoviç Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovu Ukraynaya rəsmi səfərə dəvət etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev