ELM VƏ TƏHSİL
“Klassik ədəbiyyat və Qurani-Kərim” – seminar
Bakı, 27 may, AZƏRTAC
“Aydınlığa Doğru” İctimai Birliyinin təşkilatçılığı ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Könül Bünyadzadə “Klassik ədəbiyyat və Qurani-Kərim” mövzusunda seminar keçirib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ictimai birliyin sədri Solmaz Əmirli ölkənin tanınmış ziyalıları ilə keçirilən görüşlərin cəmiyyət, xüsusilə gənclər üçün əhəmiyyətindən danışıb. O, gələcək nəsillərin yetişməsində Qurani-Kərimin və ədəbiyyatın xüsusi rolunu vurğulayıb.
Könül Bünyadzadə məruzəsinə ədəbiyyatın rolu və əhəmiyyəti haqqında qeydlərlə başlayıb, bəşəriyyətin sonuncu dini olan İslamın müqəddəs mətni – Qurani-Kərimin yaradıcılığın bu növündəki inikasından bəhs edib.
Qurani-Kərimin bəşəriyyət üçün rolunun əsas istiqamətlərini sadalayan məruzəçi onun insan şəxsiyyətinin formalaşmasında, insan və cəmiyyət, insan və təbiət münasibətlərinin düzgün qurulmasındakı önəmindən danışıb. Daha sonra o, şair və mütəfəkkirlərin Qurani-Kərimə müraciətlərinin səbəbləri arasında təsnifat apararaq onları iki yerə ayırıb: öz düşüncələrinə dəstək axtarmaq və ayələrin təfsirlərini vermək naminə.
Könül Bünyadzadə klassik ədəbiyyatda şair və mütəfəkkirlərin əsasən Qurani-Kərimin hansı ayələrinə, hikmətlərinə müraciət etdiklərini qeyd edib, bu müraciətlərin mahiyyətini açıqlayıb. Məruzəçi Qurani-Kərimin hər bir yaradıcı insanın düşüncəsində daha geniş üfüqə keçmək və universal həqiqətdən pay almaq, zaman və məkan fövqünə qalxan ədəbiyyat nümunələri yaratmaq üçün əvəzedilməz bir vasitə olduğunu vurğulayıb. O, xüsusilə mənası çətin anlaşılan və “mütəşabih” ayələr kimi tanınanları təhlil edib, klassik ədəbiyyatdan nümunələr səsləndirib. Bunlar arasında “ələst məqamı”, “qabə qauseyn”, “hurufu mukatta” kimi ayələr dinləyicilərin xüsusi marağına səbəb oldu.
Mühazirədə Könül Bünyadzadə klassiklərdən Həllac Mənsur, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Mahmud Şəbüstəri, Qasim Ənvar, Fəzlullah Nəimi, Yunus Əmrə, Aşıq Ələsgər, Mirzə Ələkbər Sabir və başqalarının yaradıcılıqlarından da nümunələr göstərib.
Sonda o, iştirakçıların suallarını cavablandırıb.