İDMAN
“Qarabağ”ın legioneri: Bu komandadan ayrılmaq fikrində deyiləm
![“Qarabağ”ın legioneri: Bu komandadan ayrılmaq fikrində deyiləm](/files/2024/2/1200x630/1716792202308356150_1200x630.jpg)
Bakı, 27 may, AZƏRTAC
“Titullarımızın sayını çoxaltmaq istəyirik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün qalibi olan “Qarabağ”ın futbolçusu Patrik Andrade mükafatlandırma mərasimindən sonra deyib.
O, çempionluğa görə xoşbəxt olduğunu bildirib: “Bu hisslər inanılmazdır. Bütün komanda yoldaşlarım mənim keçirdiyim sevinci yaşayır. Çox uzun yol qət etdik. Sonda mükafatlandırılmaq əladır. Növbəti hədəf iyunun 2-də Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı keçirəcəyimiz oyunda qalib gəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Onun sözlərinə görə, mövsümün sonuncu - XXXVI turunun “Araz-Naxçıvan”la (2:2) matçı yoldaşlıq görüşü kimi keçib: “Rəqib bizə qarşı çox hörmətlə mübarizə apardı. Bütün futbolçular arasında mehribanlıq hiss etdim. Bu, futbolda çox önəmli hadisədir”.
31 yaşlı yarımmüdafiəçi Ağdam klubundakı gələcəyi barədə də danışıb: “Qarabağ”la daha birillik müqaviləm var. Buradan ayrılmaq fikrində deyiləm. Hələlik komandadayam”.
Qeyd edək ki, “Qarabağ” 83 xalla bu mövsüm tarixində 11-ci dəfə Azərbaycan çempionu olmağı bacarıb.