ELM VƏ TƏHSİL
Elm və təhsil naziri: Ətraf mühitlə bağlı savadlılıq davranışlara təsir edir
Bakı, 27 may, AZƏRTAC
Biliklərin, məlumatlılığın artırılması vacibdir. Bu il Azərbaycan məktəblərində COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər görülür.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda söyləyib.
O bildirib ki, hazırda dünyada bir çox təhsil pillələri və səviyyələri üzrə prosesin düzgün ölçülməsi istiqamətində iş gedir: “PISA qiymətləndirilməsi ətraf mühit savadlılığının ölçülməsi çərçivəsidir. Hazırda PISA qiymətləndirilməsində 94 ölkə iştirak edir və bu sayın 2029-cu ildə 100-ə çatması gözlənilir.
Böyük iqtisadiyyatı olan dövlətlərin bu prosesə qoşulması vacibdir. Ətraf mühitlə bağlı savadlılıq davranışlara təsir edir. COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı əsaslı şəkildə artırıb. Biz bu imkandan faydalanmalıyıq. Dünya ilə ünsiyyətdə düzgün məsələlərə fokuslanmaq lazımdır. Elə mövzulara diqqət etməliyik ki, o məsələlər Azərbaycan təhsilinə müsbət istiqamətdə təsirini göstərsin”.