MƏDƏNİYYƏT
Gənclər Kitabxanası görkəmli dramaturq İlyas Əfəndiyevlə bağlı silsilə tədbirlər keçirib
Bakı, 27 may, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyi münasibətilə ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC- a bildirilib ki, virtual sərgidə görkəmli yazıçının həyat və yaradıcılığı, ictimai fəaliyyəti, müəllifi olduğu əsərlər haqqında geniş məlumat verilib.
Sərgidə Ulu Öndər Heydər Əliyevin, Xalq şairləri Səməd Vurğun, Mirvarid Dilbazi kimi görkəmli şəxslərin dramaturq haqqında söylədikləri fikirlər yer alıb.
Virtual sərgidə pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açan İlyas Əfəndiyevin Dövlət mükafatına layiq görülmüş “Mahnı dağlarda qaldı” pyesindən fraqmentlər, yazıçının şəxsi foto və video arxivindən görüntülər təqdim edilib.
“İlyas Əfəndiyev - 110” adlı ənənəvi kitab sərgisində müəllifin kitabxana fondunda olan və geniş oxucu kütləsi tərəfindən sevilərək mütaliə edilən kitabları və kitabxana əməkdaşları tərəfindən hazırlanan eyniadlı ədəbiyyat siyahısı nümayiş olunub.
Virtual kitab sərgisi ilə kitabxananın rəsmi saytından https://ryl.az/multimedia/ilyas-efendiyev-110 tanış olmaq mümkündür.