Azərbaycan yığma komandası Braziliyada keçiləcək dünya çempionatında güləşin hər üç növündə iştirak edəcək
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 11-dən 16-dək Braziliyanın Salvador şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçiriləcək. Çempionatda güləşin hər üç növü üzrə yığma komandamız iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edəcəklər.
Gənc qızların yarışında böyük məşqçi Yaqub Məmmədovun və məşqçi Aslan Ağayevin rəhbərliyi ilə Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) yarışacaqlar. Qızlarımız avqustun 13-14-də mübarizə aparacaq.
Çempionatın son iki günündə mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcəklər. Heyətdə Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) yer alıblar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.