Azərbaycanda "IMEI" kodlarının qeydiyyat sistemi daha da təkmilləşdiriləcək
Bakı, 29 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mobil telefonların şəxsiyyət vəsiqəsi vasitəsi ilə qeydiyyata salınması qaydaları sərtləşdirilib və bunu təmin edəcək operatorlara şəbəkələrində zəruri olan avadanlığın alınması üçün üç ay vaxt verilib. Bu məqsədlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "IMEI" kodlarının qeydiyyat sistemini təkmilləşdirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun verdiyi məlumata əsasən, ilkin mərhələdə insanların rahat istifadəsi üçün yaradılmış sistemin imkanlarından neqativ məqsədlərlə istifadə olunub.
"Bir şəxsiyyət vəsiqəsi ilə bir neçə telefon qeydiyyata salınır. Bunların qarşısını almaq üçün sistemdə təkmilləşdirmə işləri aparılacaq və aidiyyəti qurumlarla birgə bu məsələyə nəzər yetiriləcək. Yeni qaydalara uyğun olaraq, telefon alan şəxs haqda tam bilgilər məlumat bazasına daxil olduqdan sonra ona nömrə ayrılacaq və küçədə, dükanlarda mobil telefon nömrəsi satışı dayandırılacaq. Nəticədə hər bir istifadəçinin mobil cihazı və nömrəsi öz adına olacaq. Şəbəkə qeyri-qanuni istifadə edilən cihazlardan və nömrələrdən təmizlənəcək", - deyə İ. Məmmədov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]