Azərbaycanda aviasiyanın növləri müəyyənləşdirilir
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycanda aviasiyanın növləri müəyyənləşdirilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 18-də keçirilən iclasının gündəliyində birinci oxunuşda müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanun layihəsində öz əksini tapıb.
Altmış səkkiz (68) maddə, 15 fəsildən ibarət olan qanun layihəsi Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləməklə bərabər, daşıma, müdafiə, təhlükəsizlik və digər məsələlərlə bağlı təşkilati və hüquqi əsasları müəyyən edir.
Sənədə əsasən Azərbaycanda aviasiyanın mülki, dövlət və eksperimental növləri müəyyənləşdirilir.
Beləliklə, iqtisadiyyatın, əhalinin, o cümlədən ayrı-ayrı şəxslərin ehtiyaclarının ödənilməsi və həyata keçirilməsi üçün nəzərdə tutulan aviasiya mülki aviasiyadır. Mülki aviasiya sahəsində ümumi və xüsusi xarakterli aviasiya fəaliyyəti həyata keçirilir. Kommersiya hava daşımaları və xüsusi xarakterli aviasiya fəaliyyəti üçün nəzərdə tutulmayan mülki aviasiya ümumi xarakterli aviasiya fəaliyyəti hesab edilir.
Hərbi ehtiyacların, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər, sərhəd mühafizə, gömrük və ya digər dövlət orqanlarının ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan aviasiya dövlət aviasiyası hesab olunur.
Sınaq-konstruktor, eksperimental və elmi-tədqiqat işlərinin aparılmasını, habelə aviasiya texnikasının və digər texnikanın sınaqdan keçirilməsini nəzərdə tutan aviasiya eksperimental aviasiya hesab edilir.