Azərbaycanda bu günə qədər həyata keçirilməyən bir sıra əməliyyatlar “Yeni klinika”da icra olunacaq
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanda mövcud olmayan və bu günə qədər həyata keçirilməyən bir sıra əməliyyatlar TƏBİB-in tabeçiliyində olan “Yeni klinika” tibb müəssisəsində icra olunacaq. Həmin klinikada çox qısa müddətdə robotik cərrahiyyə aparılacaq. Nəticədə bir sıra xəstəliklərin daha erkən müalicəsini təmin etmiş olacağıq. Bu, tək Azərbaycanda deyil, Cənubi Qafqazda bir ilk olacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
V.Qurbanov qeyd edib ki, “Yeni klinika” və digər klinikalarda TƏBİB tərəfindən aparılan islahatlar nəticəsində bir sıra dəyişikliklər və yeniliklər olacaq. Yeniliklər vətəndaşlara daha keyfiyyətli tibbi xidməti təmin və əlçatan etmək məqsədi daşıyır.
“Hazırda tibb müəssisələri laborator xidmətlərin daha keyfiyyətli və daha əlçatan olması üçün yeni avadanlıqlarla təmin olunub. Vətəndaşlar paytaxtda, o cümlədən regionlarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ödədiyi vəsaitlər hesabına TƏBİB-in tabeçiliyində olan dövlət tibb müəssisələrində laborator xidmətləri tam şəkildə əldə edə bilirlər. Bu cür yeniliklər daim olacaq və hər dəfə də vətəndaşları bu yeniliklərlə bağlı məlumatlandıracağıq”, - deyə icraçı direktor qeyd edib.
Onun sözlərinə görə, iki il əvvəl Prezident İlham Əliyevin iştirakı ilə açılışı edilən “Yeni klinika” ilk olaraq COVID-19 pandemiyası dövründə koronavirusa yoluxmuş xəstələrin müalicəsi ilə məşğul idi. Hazırda həm pandemiyanın səngiməsi və həm də xəstələrin müalicəsi üçün digər tibb müəssisələrində aktiv fəaliyyətin başlaması səbəbindən həmin tibb müəssisəsi də digər sahələr üzrə tibbi xidməti əhaliyə çatdırmağa başlayacaq: “Bununla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Çox qısa müddətdə “Yeni klinika” vətəndaşlar üçün ən yüksək keyfiyyətdə, əlçatan xidməti təmin edəcək. Azərbaycanda ən böyük klinikalardan biri olan “Yeni klinika”nın ərazisi 100 min kvadratmetrə yaxındır. Burada çox sayda cərrahi əməliyyatxana, palata fəaliyyətdədir. “Yeni klinika”da poliklinika şöbəsi tam olaraq aktiv fəaliyyət göstərir. Hazırda klinikada bir sıra əməliyyatlar həyata keçirilir. Hazırlıq prosesi bitəndən sonra klinikada daha genişhəcmli əməliyyatlar həyata keçiriləcək. Hazırlıq müddətinin tezliklə bitəcəyi gözlənilir. Təxminən bir aydan sonra “Yeni klinika”da bütün vətəndaşlar üçün tibbi xidmətlərin əlçatanlığı təmin olunacaq”.