Azərbaycanda dövlət qeydiyyatından keçmiş Qeyri-Hökumət Təşkilatlarının sayı üç mindən çoxdur
Astara, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də Astara Rayon Mərkəzi Kitabxanasında “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”nın icrasında Qeyri-Hökumət Təşkilatlarının müsbət təcrübəsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun icra strukturlarının və bələdiyyələrin nümayəndələri, QHT-lərin rəhbərləri, yerli iş adamları və ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının baş maliyyə meneceri Tofiq Həsənov mövzu ilə bağlı məruzə etmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”-nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər)” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli Sərəncamında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qarşısına qoyulmuş QHT-lərin müsbət təcrübəsinin yayılması istiqamətində görülən işləri əhaliyə çatdırmaq məqsədi ilə maarifləndirici tədbirlər keçirilir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” ölkəmizdə QHT-lərin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
Bu məqsədlə dövlətimizin başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Fərman imzalamış, onun Əsasnaməsini təsdiq etmişdir.
Diqqətə çatdırılmışdır ki, 2008-ci ildən fəaliyyətə başlayan Şuranın əsas vəzifəsi müəyyən edilmiş sahələr üzrə dövlətin ayırdığı vəsait hesabına QHT-lərin fəaliyyətini dəstəkləmək, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu işlərini dəstəkləyən layihələr həyata keçirməkdən ibarətdir.
QHT-lərin müsbət təcrübəsinin yayılması və region QHT-lərinin inkişaf etdirilməsi barədə ətraflı məlumat verən T.Həsənov bu gün Azərbaycanda dövlət qeydiyyatından keçmiş QHT-lərin sayının 3 mindən çox olduğunu bildirmişdir.
Milli QHT Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Əli Mirzəyev çıxışında QHT-lərin cənub bölgəsində həyata keçirdiyi layihələrdən danışmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.