İQTİSADİYYAT
Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 274 min nəfərdən çoxdur
Bakı, 14 noyabr (AZƏRTAC). 2013-cü il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 274 min 342 nəfər təşkil edir. Onların 39,5 faizi kişilər, 60,5 faizi isə qadınlardır, 62,2 faizi yaşa, 27,1 faizi əlilliyə, 10,7 faizi ailə başçısını itirməyə görə pensiya alır.
Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-a bildirmişlər ki, yeni sığorta-pensiya sistemində pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında ədalətli bölgüsünə imkan yaratmışdır. Pensiyaçıların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılması nəticəsində pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artmışdır. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 2006-cı il yanvarın 1-də 28,5 manat olduğu halda, bu il oktyabrın 1-də 170 manata, o cümlədən yaşa görə əmək pensiyaları üzrə orta aylıq məbləğ 187,6 manata çatmışdır.