AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏN TÜRK İŞ ADAMLARI İLƏ GÖRÜŞ
TÜSİAB-ın təşkil etdiyi görüşdə bu qurumun fəaliyyətinə həsr olunmuş sənədli film göstərilmişdir.
TÜSİAB-ın İdarə heyətinin sədri Bataçar Baysal, müxtəlif bölmələrin təmsilçiləri çıxış edərək, türk iş adamlarının Azərbaycandakı fəaliyyətindən, qazandıqları uğurlardan, üzləşdikləri problemlərdən danışmışlar. Məlumat verilmişdir ki, bu gün Azərbaycanda 300 türk şirkəti fəaliyyət göstərir ki, onların da 258-i TÜSİAB-ın üzvüdür.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda iqtisadi inkişaf, sahibkarlıq fəaliyyətinin genişlənməsi və bu yöndəki problemlərin həlli yolunda başladığı işləri indi Prezident İlham Əliyev uğurla davam etdirir və bu, türk iş adamları tərəfindən həmişə alqışlanır.
Azərbaycanın iqtisadi inkişafında türk iş adamlarının əhəmiyyətli rol oynadıqları qeyd edilmiş, iqtisadi əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün hökumətin əlverişli şərait yaratdığı vurğulanmışdır.
Əbdülqədir Aksu türk iş adamları ilə qardaş Azərbaycanda görüşündən məmnunluq duyduğunu, son illər Azərbaycanın Türkiyə ilə əlaqələrinin ardıcıl olaraq genişləndiyini, iki qardaş ölkənin hüquq mühafizə orqanlarının arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirmiş və bütün sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini söyləmişdir.
Qonaq Azərbaycana səfəri, keçirdiyi görüşlər və Türkiyə Daxili İşlər Nazirliyinin gördüyü işlər barədə iş adamlarına geniş məlumat verərək diqqətə çatdırmışdır ki, beynəlxalq terrorizmlə mübarizədə qarşılıqlı əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir. O, qanunsuz miqrasiya və insan oğurluğu ilə mübarizədə birgə əməkdaşlığın zəruriliyini vurğulamışdır.
Türkiyənin daxili işlər nazirinə görüşdən xatirə olaraq, hədiyyə təqdim edilmişdir.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı iştirak etmişdir.