Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır
Tərtər, 2 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
2 fevral - Azərbaycan Gəncləri Günü respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tərtərli gənclər və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.
Tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov və başqaları gəncləri bayram münasibətilə təbrik edib, onların ölkənin ictimai-siyasi həyatındakı rolundan, mədəniyyət, təhsil, idman və digər sahələrdə əldə etdikləri uğurlardan danışıblar.
Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin hərtərəfli inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait böyük diqqətin nəticəsidir.
Çıxışlarda Tərtər şəhərində Gənclər Mərkəzinin, Uşaq-Gənclər Şahmat Məktəbinin, süni örtüklü idman meydançalarının tikilib istifadəyə verilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili üçün park və istirahət guşələrinin yaradılması, Olimpiya İdman Kompleksinin inşa edilməsi gənclərə olan qayğının bariz nümunəsi kimi qiymətləndirilib. Bildirilib ki, bu gün rayonun və ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırkı səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.
Məlumat verilib ki, 2019-cu ildə tərtərli idmançılar beynəlxalq, respublika və zona yarışlarında, eləcədə açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 67 ədəd medal və diploma layiq görülüblər. Medalların 2 ədədi beynəlxalq yarışda, 10 ədədi Azərbaycan çempionatı və birinciliyində, 55 ədədi isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb.
Tədbirdə Köçərli kənd tam orta məktəbinin müəllimi Qaragöz Heydərli, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynalzadə, Tərtər Rayon İcra Hakimiyyətində könüllü Əli Paşayev, “N” saylı hərbi hissənin gənc zabiti Nihad Zahidli, Kara Pekin Universitetinin birinci kurs tələbəsi Orxan Mustafazadə dövlətimizin gənclər siyasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən razılıqlarını bildirib və onlara göstərilən etimadı şərəflə doğruldacaqlarını, Vətənimizin tərəqqisi, inkişafı uğrunda səylərini əsirgəməyəcəklərini bildiriblər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar verilib. Tədbir rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin hazırladığı konsert proqramı ilə davam edib.