AZƏRBAYCANDA GƏNCLƏRİN PROBLEMLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Hadi Rəcəbli qonaqlara ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycan Prezidenti gənclər siyasəti ilə bağlı dövlət proqramını təsdiqləmiş, Milli Məclisdə “Gənclər siyasəti haqqında”, “İpoteka haqqında” qanunlar qəbul olunmuşdur. Gənc ailələrə, uşaq və gənclərə qayğını gücləndirmək, onların problemlərinin həlli ilə bağlı daha bir neçə qanun hazırlanır.
Sonra komissiyanın sədri bir sıra ölkələrin gənclər təşkilatlarının nümayəndələrinin Azərbaycana səfərini yüksək qiymətləndirmiş, bu cür səfərlərin gənclər təşkilatları arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirmişdir.
Qonaqlar öz ölkələrinin təcrübəsindən danışmış, səfərin məqsədindən bəhs etmişlər. Bildirilmişdir ki, Azərbaycana səfərdən məqsəd ölkə ilə yaxından tanış olmaq, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmaq, əlaqələri daha da möhkəmləndirməkdir.
Rusiya, Ukrayna, Gürcüstan, Moldova, Belarus və İsveçdən gəlmiş qonaqlar elə həmin gün Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovla da görüşmüşlər.
Görüşlərdə Milli Məclisin deputatları Aydın Abbasov və Fuad Muradov iştirak etmişlər.