Azərbaycanda “İmmunlaşdırma həftəsi” keçirilir
Bakı, 21 aprel (AZƏRTAC). Azərbaycan Respublikası 2007-ci ildən etibarən Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Bürosunun təşəbbüsü ilə keçirilən “İmmunlaşdırma həftəsi”ndə iştirak edir. Artıq aprelin 21-dən ölkəmizdə “İmmunlaşdırma həftəsi”nə başlanılmışdır.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, “İmmunlaşdırma həftəsi”si aprelin 26-dək davam edəcəkdir. Məqsəd immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir.
Bu məqsədlə Azərbaycanda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Aprelin 25-də Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “İmmunlaşdırma həftəsi”nə həsr olunmuş konfrans keçiriləcəkdir. Konfransda DST-nin Avropa Regional Bürosunun vaksinlə qarşısı alınan xəstəliklər və immunlaşdırma proqramının eksperti Niyazi Çakmak iştirak edəcəkdir.
Bundan başqa, Yardımlı, Xızı və Xocavənd rayonlarında beş yaşadək uşaqlar arasında poliomielitə qarşı əlavə immunlaşdırma turları təşkil olunacaqdır.
“İmmunlaşdırma həftəsi” çərçivəsində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların peyvəndlərlə əhatə olunması hər bir ərazi tibb müəssisəsi tərəfindən təmin ediləcəkdir. Planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılmasına aid tədbirlər aparılacaq, həmçinin SMS vasitəsi ilə xəbərdarlıq ediləcəkdir.
Builki “İmmunlaşdırma həftəsi”nin əsas mövzusu “Həyat naminə immunlaşdırma”dır.