Azərbaycanda informatikanın tarixi ilə bağlı aparılan tədqiqatlar davam etdirilir

Bakı, 10 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi seminarında “Azərbaycanda informatikanın meydana gəlməsi, təşəkkülü və inkişafı haqqında” məruzə dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni elmi işçi Gülnar Paşayeva təqdim edərək əvvəlcə Azərbaycanda informatika sahəsinin formalaşması tarixindən danışıb. O bildirib ki, ölkəmizdə informatikanın inkişafının təməli ötən əsrin 50-ci illərində qoyulub, həmin illərdə ölkəmizdə ilk dəfə Elektron Hesablama Maşınları (EHM) üzrə araşdırmalara başlanılıb.
Azərbaycanda informatikanın tərəqqisi dövrünün 1970-1980-ci illərə təsadüf etdiyini söyləyən məruzəçi bu illərdə ölkəmizdə informatikanın inkişafı istiqamətində kibernetika, kompüter şəbəkələri, neft və qaz sənayesində avtomatik sistemlər, siqnalların emalı, optimal idarəetmə, qeyri-səlis məntiq, süni intellekt və digər aktual elmi istiqamətlərdə fundamental elmi tədqiqatların aparıldığını diqqətə çatdırıb: “70-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın sənaye potensialının gücləndirilməsi, eləcə də elmtutumlu sahələrin genişləndirilməsi ilə bağlı mühüm qərarlar verib. Ölkəmizdə elektronika, telekommunikasiya, elektrotexnika sənayesi formalaşdırılıb”.
Onun sözlərinə görə, 70-ci illər ölkəmizdə həm də “Ulduz”, “Nord”, “Azon”, “Peyk” kimi elm-istehsalat birliklərinin yaradılması ilə yadda qalıb. Bu illərdə ölkəmizdə kosmik sənayenin əsası qoyulub, 80-ci illərin ortalarında isə qlobal şəbəkə texnologiyalarından istifadə olunmağa başlanılıb, X.25 texnologiyaları əsasında (Akademset şəbəkəsi) yaradılıb.
Sovet dövründə informatika sahəsində kadr hazırlığından bəhs edən G.Paşayeva 1950-ci illərdən başlayaraq ali təhsil müəssisələrində informatika üzrə yeni fakültələrin, ixtisasların təşkil olunduğunu qeyd edib.
Tədqiqatçı ölkəmizdə müstəqillik illərində İKT-nin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən də söz açıb. 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutu) elektron poçt xidmətinin yaradıldığını, 1994-cü ildə Türkiyə hökumətinin və bp şirkətinin maliyyə dəstəyi ilə AMEA Rəyasət Heyətinin binasında respublikada ilk dəfə olaraq “AzScienceNet” şəbəkəsinin Azərbaycan internet qovşağının yaradıldığını diqqətə çatdırıb.
O, eyni zamanda, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən müstəqil Azərbaycanda İKT suverenliyinin təmin olunması ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb, müvafiq sahədə imzalanmış fərman və sərəncamlar, ölkəmizdə internetin inkişafı istiqamətində həyata keçirilən mühüm layihələr haqqında məlumat verib.
Azərbaycanda İKT-nin inkişafı ilə bağlı müasir vəziyyətə dair bəzi statistik göstəriciləri təqdim edən G.Paşayeva ölkəmizdə güclü kommunikasiya infrastrukturunun mövcud olduğunu, etibarlı informasiya təhlükəsizliyi mühitinin formalaşdığını, İKT suverenliyinin təsbit olunduğunu qeyd edib.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək müasir dövrdə Azərbaycanda informatikanın tarixi ilə bağlı aparılan tədqiqatların böyük aktuallıq kəsb etdiyini söyləyib. Alim ölkəmizdə informatika elminin yaranması, rəqəmsal dövlətin formalaşması, aerokosmik informatikanın, proqramlaşdırmanın meydana gəlməsi və inkişafı istiqamətində tədqiqatların aparılmasına dair təklif və tövsiyələrini səsləndirib.