Azərbaycanda iqtisadiyyatın inkişaf dinamikası dövlət tərəfindən müəyyənləşdirilmiş strategiyaya əsaslanır
İstanbul, 14 iyul (AZƏRTAC). Türkiyədə 1971-ci ildən fəaliyyət göstərən və sıralarında 1147 təşkilatın nümayəndələrini birləşdirən İnsan İdarəçiliyi Dərnəyinin (PERYÖN) baş direktoru xanım Özlem Helvacı Azərbaycanda səfərdə olmuşdur.
Ölkəmizə səfərinin təəssüratlarını AZƏRTAC ilə bölüşən Ö.Helvacı demişdir ki, Azərbaycana tükənməz sevgi qəlbimizin hökmünün yaratdığı hislərdir. Azərbaycanın hərtərəfli dinamik inkişafı Türkiyə qədər sevdiyimiz qardaş ölkə ilə bağlı ən böyük arzularımızdır. Ən vacibi budur ki, inkişaf ölkəni tam şəkildə, o cümlədən insan resurslarından səmərəli istifadə və insan zəkasının yüksəldilməsini də əhatə etmişdir.
Bakının qədim memarlıq üslubunu saxlamaqla ən müasir arxitektura abidələri ilə dünyanın şəhərsalma tarixinə şanlı səhifələr yazdığını vurğulayan PERYÖN-ün baş direktoru qeyd etmişdir ki, bütün bunlar insan zəkasının inkişafına bağlı olan nailiyyətlərdir. Şəhərdə insanlarla sıx ünsiyyətdə olduq. Həqiqət budur ki, yaxşı mütəxəssis olmaqla bərabər tarixi və ədəbiyyatı dərindən mənimsəmək insanlarda vətənpərvərlik hissini yüksəldir, ölkəyə bağlılığı möhkəmləndirir.
Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan Ö.Helvacı “Karyera yarmarkası” layihəsi əsasında son 11 ildə 3 mindən çox mütəxəssis üçün kursların təşkil edildiyini vurğulamışdır. Qafqaz və Asiya ölkələri üzrə əlaqələr qurmaq dərnəyimizin beynəlxalq münasibətlər baxımından mühüm istiqamətidir. Azərbaycan bölgədə bütün göstəricilər üzrə liderlik etdiyinə, Türkiyə ilə ən yaxın dost və qardaş münasibətlərinə sahib olduğuna görə bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan insanının düşüncələri, problemləri həll etmək istəkləri ilə bağlı müşahidələrindən danışan dərnək sədri ölkəmizin qısa müddətdə belə sürətli inkişafının möcüzə olduğunu bildirmişdir. Azərbaycanda iqtisadiyyatın, o cümlədən özəl sektorun inkişaf dinamikası dövlət tərəfindən müəyyənləşdirilmiş strategiyaya əsaslanır.
Cari il noyabrın 4-5-də İstanbulda PERYÖN tərəfindən insan idarəçiliyi ilə bağlı növbəti beynəlxalq konfransın keçiriləcəyini deyən Ö.Helvacı tədbirdə qadın problemləri, təhsil müəssisələri ilə əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, davamlı və etibarlı iş yerlərinin qorunması kimi məsələlərin müzakirə olunacağını bildirmişdir. Ümidvarıq ki, Azərbaycan təmsilçiləri digər beynəlxalq tədbirlərdə olduğu kimi, bu konfransda da fəallıq göstərəcək, maraqlı layihələr təqdim edəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri,
İstanbul