AZƏRBAYCANDA MİSİR MƏDƏNİYYƏTİ GÜNLƏRİ DAVAM EDİR
Noyabrın 22-də Misirin “Elhörriyə” folklor qrupu Bakı Xoreoqrafiya Məktəbində oldu. Direktor Nilufər Kərimova müsəlman Şərqində ilk belə təhsil ocağı olan, şagirdlərə balet və xalq rəqsləri öyrədilən məktəbin tarixindən danışdı, qonaqları təlimin struktur və sistemi ilə tanış etdi.
Qonaqlar klassik rəqs üzrə məşğələlər keçirilən salonlara baxdılar, folklor sektorunda, tədris siniflərində, qrim kabinetində, habelə məktəbin muzeyində oldular.
Sonda şagirdlər balet və milli rəqslərdən ibarət konsert verdilər.
X X X
Elə həmin gün Misirin folklor qrupu Bakı Uşaq Filarmoniyasına gəldi. Uşaq xoru qonaqları “Azadlıq” marşı ilə salamladı.
Filarmoniyanın direktoru, əməkdar incəsənət xadimi Fərəh Şəkinskaya bu uşaq sənət məbədinin nadirliyini vurğulayıb dedi ki, burada uşaqlar klassik və milli musiqi, rəqsləri ilə pulsuz məşğul olur, “Moda teatrı”nın işində iştirak edirlər.
Qonaqlar folklor-rəqs kollektivlərinin, xalq çalğı alətləri ansamblının ustalığına heyran qaldılar. “Can bala” qrupunun balaca üzvləri estrada mahnılarını və məşhur “Cücələrim” mahnısını oxudular, öz “Moda teatrı”nı nümayiş etdirdilər.
Xüsusi olaraq qonaqlar üçün sürpiriz - ərəb rəqsi də hazırlanmışdı.
X X X
Azərbaycanda Misir mədəniyyəti günləri çərçivəsində “Nizami” kinoteatrında bu ölkə filmlərinin nümayişi davam etdirilir. Noyabrın 22-də tamaşaçılar “Fatimə” bədii filminə baxdılar.