AZƏRBAYCANDA PEŞƏ TƏHSİLİNİN İNKİŞAFI İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 9-da Təhsil Nazirliyində ölkəmizdə peşə təhsilinin vəziyyəti və onun inkişaf istiqamətləri geniş müzakirə olunmuşdur.
Təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan təhsilinin, o cümlədən peşə təhsilinin inkişafına daim böyük əhəmiyyət verdiyini, dahi rəhbərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının (2007-2012-ci illər)” əhəmiyyətini qeyd edən nazir ölkənin tərəqqisində peşə təhsilinin də rolu olduğunu bildirmiş və bu sahəni inkişaf etdirmək üçün beynəlxalq təşkilatların təcrübələrindən geniş istifadə olunmasının vacibliyini diqqətə çatdırmışdır.
Müvafiq proqrama əsasən, Təhsil Nazirliyi Dünya Bankı, YUNESKO, Koreya Respublikasının “DAEWOO” şirkəti və digər beynəlxalq təşkilatlarla birgə layihələrin reallaşdırılması üçün əhəmiyyətli tədbirlər həyata keçirmişdir.
M.Mərdanov Qəbələdə müasir tələblərə cavab verən Turizm və Hotelçilik üzrə Peşə Tədris Mərkəzinin yaradıldığını, İsmayıllıda yeni peşə məktəbi təşkil olunacağını bildirmişdir.
Respublikamızda peşə təhsili sahəsində olan mövcud problemlərə toxunan nazir bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinin zəruriliyini də diqqətə çatdırmışdır.
Təhsil Nazirliyinin şöbə müdiri Namiq Məmmədov bu gün ölkəmizdə fəaliyyət göstərən 114 texniki peşə təhsili müəssisəsində 24 mindən çox şagirdin təhsil aldığını söyləmişdir.
Sonra peşə təhsilinin inkişafı ilə bağlı geniş müzakirələr aparılmışdır.