Azərbaycanda radon qazının paylanması və təsirinin azaldılması istiqamətində tədqiqatlar aparılır
Bakı, 11 noyabr (AZƏRTAC). Azərbaycanda radon qazının yayılması və təsirinin azaldılması istiqamətində tədqiqatlar aparılır. Tədqiqat işləri İsveçrənin Milli Elm Fondu tərəfindən dəstəklənmiş və “Azərbaycan ərazisində radon qazının paylanması və kadastrın yaradılması” adlı layihə çərçivəsində həyata keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, akademiyanın Geologiya İnstitutunda radon qazının parçalanmasından alınan məhsulların insan sağlamlığına təsirini öyrənmək məqsədi ilə ümumrespublika elmi seminarı keçirilmişdir.
Tədbirdə institutun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Əliyev çıxış edərək, tibbi geologiyanın əsas istiqamətlərindən olan radonun ən zərərli qazlardan hesab edildiyini bildirmişdir. O, 30 ilə yaxındır ki, dünyada bu qazın yayılması və təsirinin azaldılması istiqamətində mübarizə aparıldığını vurğulamışdır.
Qeyd edək ki, Avropa və ABŞ-da aparılan tədqiqatların nəticələrinə görə, bu qaz ağciyər xərçənginin yaranmasında ikinci əsas risk faktoru sayılır.