AZƏRBAYCANDA RUS DİLİ FESTİVALI VƏ RUSİYA TƏHSİLİ GÜNLƏRİ AÇILMIŞDIR
Moskva Dövlət Açıq Universitetinin (MDAU), Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin, Bakı Slavyan Universitetinin, Azərbaycanda rus icmasının və Rus Dili Təhsil müəssisələri Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbiri BSU-nun tədris işləri üzrə prorektoru Asif Hacıyev açaraq universitetin fəaliyyəti və strukturu, respublikamızda rus dilinin işlənilməsi ilə bağlı məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, Bakıda BSU-nun mövcudluğu faktının özü ölkəmizdə rus dilinə olan marağa ən yaxşı sübutdur. Bildirilmişdir ki, ölkəmizin 300-dən çox məktəbində rus dili şöbəsi vardır. Bu dildə televiziya verilişləri təqdim olunur, kitab, jurnal və qəzetlər nəşr edilir.
Roszarubejsentrin nümayəndəsi İqor Jukov, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun professoru Marina Şutova, Assosiasiyanın sədri Lyubov Yakunina və başqaları mərasimdə çıxış edərək rus dili dərslərinin təkmilləşdirilməsində tədbirin əhəmiyyətindən danışmışlar.
MDAU-nun elmi işlər üzrə prorektoru, professor Yevgeni Şerbakov Rusiya qanunvericiliyində təhsilə dair yeniliklər, bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat vermişdir.
Tədbirdə Rusiya Federasiyasının Təhsil Üzrə Federal Agentliyi rəhbərinin müavini Yevgeni Butkonun festival iştirakçılarına videomüraciəti təqdim olunmuşdur.
Mərasimdə dekabrın 6-dək davam edəcək Festival çərçivəsində keçiriləcək tədbirlər proqramı barədə də məlumat verilmişdir.