Azərbaycanda rusiyalı həmvətənlərin ictimai təşkilatlarının ölkə konfransı keçirilib
Bakı, 30 may, AZƏRTAC
“Park Inn” otelində Rusiyalı Həmvətənlərin Əlaqələndirmə Şurasının təşkilatçılığı, Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda rusiyalı həmvətənlərin ictimai təşkilatlarının ölkə konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı Rusiyalı Həmvətənlərin Əlaqələndirmə Şurasının sədri, “Sodrujestvo” Azərbaycan xalqlarının həmrəyliyi ictimai birliyinin sədri Tatyana Kərimova açıb. O qeyd edib ki, konfrans əlamətdar günlərdə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, həmçinin Azərbaycan Rus İcmasının yaranmasının 25 illiyi tarixlərində keçir.
Konfransın məqsədi əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi, millətlərarası münasibətlərin daha da möhkəmləndirilməsi, xalqlar arasında mədəni əlaqələrin qurulması, rus dilinin millətlərarası ünsiyyət dili kimi dəstəklənməsi məsələlərinə həmvətənlərin diqqətini artırmaqdır.
Konfransda RF-nin Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov, RF XİN-in həmvətənlərlə iş departamentinin böyük müşaviri Oksana Sareva, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, “Rossotrudniçestvo” agentliyinin Bakıdakı nümayəndəliyinin sədri Valentin Denisov və digərləri çıxış ediblər.
Azərbaycanda Rusiyalı Həmvətənlərin Əlaqələndirmə Şurasına daxil olan təşkilatların rəhbərlərinin həmin təşkilatlar tərəfindən görülən işlər barədə hesabatları təqdim olunub.
Forum iştirakçıları, həmçinin həmvətənlərin qanuni hüquqlarının və maraqlarının qorunması, gənclərin ictimai təşkilatlara cəlb edilməsi, milli adət-ənənələrin və ayinlərin gənclər arasında dəstəklənməsi, onlara xalqların mədəniyyətinə və tarixinə hörmət hissinin aşılanması məsələlərini müzakirə ediblər.
Konfransda həmvətənlərin ictimai təşkilatlarının, dini konfessiyaların, Rusiyanın ölkəmizdəki səfirliyinin, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin, ziyalıların, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Sonda ölkə konfransının qətnaməsi qəbul edilib.