AZƏRBAYCANDA SEÇKİLƏRİN TAM DEMOKRATİK VƏ ŞƏFFAF KEÇİRİLMƏSİ ÜÇÜN MÜKƏMMƏL HÜQUQİ BAZA YARADILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 9-da “Hyatt Regency-Naxçıvan” hotelində Azərbaycan Respublikası Prezidenti İcra Aparatının, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə “Rayon icra hakimiyyəti rəhbərləri və dairə seçki komissiyalarının sədrləri üçün seçki proseslərinə müdaxiləyə dair məlumat sessiyası” keçirilmişdir.
Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri səfir Xose Luis Herrero Ansola demişdir ki, təmsil etdiyi təşkilatın əsas məqsədi quruma üzv ölkələrdə şəffaf və demokratik seçkilər keçirilməsinə, ümumiyyətlə demokratikləşmə prosesinə yardım göstərməkdir. Bu tədbirin də əsas məqsədi qarşıdan gələn prezident seçkisinin şəffaf keçirilməsinə və seçki prosesinə müdaxilənin qarşısının alınmasına yardım göstərməkdir. ATƏT-in Bakı ofisi “ATƏT-ə üzv dövlətlərdə demokratik seçkilərə dair mövcud öhdəliklər” adlı məlumat kitabçası da nəşr etdirmişdir.
X.L.Herrero Ansola seçkilərin şəffaf və demokratik keçirilməsi üçün Azərbaycan Prezidentinin imzaladığı Fərman və sərəncamları, Seçki Məcəlləsinə edilən əlavələri və dəyişiklikləri yüksək qiymətləndirmişdir. Səfir bu tədbirləri dövlətin demokratik seçki keçirmək əzminin göstəricisi olduğunu bildirmişdir
Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilən bu tədbir, eləcə də xüsusi kitabçanın nəşri icra strukturları, dairə və məntəqə seçki komissiyalarının işinin təkmilləşdirilməsində mühüm rol oynayacaqdır. Ə.Həsənov bildirmişdir ki, Azərbaycan hökuməti həmişə olduğu kimi, qarşıdan gələn prezident seçkilərini də tam demokratik və şəffaf keçirmək əzmindədir. Bunun üçün bütün tədbirlər görülür və görülməkdədir. Bu tədbirin məqsədi bir daha seçki institutlarına, mərkəzi və yerli icra strukturlarına seçkilərlə bağlı beynəlxalq tələblər, standartlar barədə məlumat verməkdir. Beynəlxalq təşkilatların tələbi odur ki, mərkəzi və yerli icra strukturları, seçki institutları öz səlahiyyətlərindən kənara çıxmasınlar, xüsusən də inzibati resurslardan namizədlərin təbliğatı yönündə istifadə etməsinlər. Hökumət bunun üçün bütün lazımi addımları atmışdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların rəy və təklifləri nəzərə alınmaqla bir sıra əlavə və dəyişikliklər edilmişdir. Həm bu dəyişikliklər, həm də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Sərəncamı seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün möhkəm hüquqi baza yaratmışdır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna edilən əlavələr və dəyişikliklər prezidentliyə namizədlərə, siyasi partiyalara təbliğat, mitinq və toplantılar keçirməyə tam imkan verir. Əminliklə demək olar ki, budəfəki seçkilər də tam demokratik və şəffaf keçiriləcəkdir.
Sonra Əli Həsənov ATƏT-in Bakı ofisinin nəşr etdirdiyi kitabça barədə məlumat vermişdir. Kitabça icra strukturlarının və dairə seçki komissiyalarının üzvlərinə paylanmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirmişdir ki, Azərbaycanda demokratik və şəffaf seçkilər keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Ölkədə fəaliyyət göstərən 125 dairə seçki komissiyasının 100-dən çoxu yeni tikilmiş inzibati bina ilə təmin olunmuş, qalanlarının yerləşdikləri binalar isə əsaslı təmir edilmişdir. Məntəqə seçki komissiyalarının da iş şəraiti yaxşılaşdırılmış, onların texniki və digər problemləri həll olunmuşdur.
Daha sonra tədbirdə rayon icra hakimiyyəti rəhbərlərinə, dairə seçki komissiyaları sədrlərinə Seçki Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklər, seçki prosesinə müdaxiləyə yol verilməməsinə dair qanunda nəzərdə tutulmuş tələblər, eləcə də beynəlxalq seçki standartları ilə bağlı ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.
Bildirilmişdir ki, bu cür sessiyalar Bakı ilə bərabər, Gəncədə və Şirvanda da keçiriləcəkdir.
######
![]() |
![]() |

