AZƏRBAYCANDA SUBTROPİK BİTKİÇİLİYİN 180 İLLİK TARİXİ VARDIR
AZƏRTAC xəbər verir ki, bu fikir İqtisadi İnkişaf Nazirliyinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə birgə Astara şəhərində «Subtropik bağçılığın inkişafı və problemləri» mövzusunda keçirdikləri konfransda səslənmişdir.
Astara, Lənkəran və Masallı rayonlarında subtropik bağçılıqla məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin iştirak etdikləri tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, İqtisadi İnkişaf Nazirliyi Lənkəran regional şöbəsinin nümayəndəsi Çingiz Məmmədov, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev, Lənkəran ərazi kənd təsərrüfatı idarəsinin rəisi Abı Abıyev və «ASPi» şirkətinin rəhbəri, iqtisad elmləri doktoru İbrahim Məmmədzadə çıxış edərək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında kənd təsərrüfatının digər sahələri ilə yanaşı, subtropik bitkilərin və sitrusçuluğun inkişafı sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmış, bu il qışın sərt keçməsinin cənub bölgəsində, o cümlədən Astara rayonunda subtropik bağçılığa ciddi ziyan vurduğunu bildirmiş, təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə qarşıda duran vəzifələri diqqətə çatdırmışlar.
Üç gün davam edən konfransda çıxış edənlər bildirmişlər ki, Azərbaycanda 180 illik tarixə malik subtropik bağçılığın inkişafı məqsədilə fermerlərə və torpaq mülkiyyətçilərinə uzunmüddətli kreditlərin verilməsi, bu sahənin inkişaf perspektivləri ilə bağlı Dövlət Proqramının qəbul edilməsi, sitrus bitkilərinin elmi əsaslarla yetişdirilməsi üçün Lənkəran Dövlət Universitetində ixtisaslı kadrların hazırlanması, xarici ölkələrlə təcrübə mübadiləsi aparılması böyük səmərə verərdi.
Konfransın sonuncu günü iştirakçılar Astara rayonunun qabaqcıl sitrus bağçılığı təsərrüfatları və sitrus meyvələrini emal edən sexlərdə istehsalat prosesi ilə yaxından tanış olmuşlar.