AZƏRBAYCANDA TƏBİƏT TURİZMİNİN İNKİŞAFI ÜÇÜN MÜNBİT ŞƏRAİT VAR
Ölkəmizin çöl quşlarının populyasiyasına görə dünyada ilk yerlərdən birini tutduğunu söyləyən AOC-in sədri Elçin Sultanov bildirmişdir ki, respublikamızın ərazisində 372 quş növü qeydə alınmışdır. Onlardan 11-i dünyada nadir sayılan növlərdəndir.
Bu quşların nəslinin kəsilməsinin qarşısının alınması və təbiət turizminin inkişafı üçün onların ən çox məskən saldığı üç sahədə - Zaqatala və Türyançay Dövlət təbiət qoruqları ətrafında, Şirvan Milli Parkında monitorinqlər keçiriləcək, əhalinin maarifləndirilməsi ilə bağlı treninq və seminarlar təşkil ediləcək, turistlərin bu ərazilərə cəlb olunması üçün hər cür şərait yaradılacaq, müxtəlif dillərdə məlumat kitabçaları və bukletlər cap olunacaqdır. Bundan əlavə, layihənin həyata keçirilməsi qoruqların hər üçündə yerli əhali üçün yeni iqtisadi imkanlar yaradacaqdır.
“Bird life” təşkilatının nümayəndəsi Umberto Qallo-Osi bildirmişdir ki, təmsil etdiyi qurum dünyada çöl quşlarının qorunması və onların nəslinin kəsilməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirir. O qeyd etmişdir ki, 102 ölkədə nümayəndəliyi olan təşkilat zəngin təbiətə malik Azərbaycanda da çöl quşlarının qorunması üçün AOC ilə əməkdaşlıq edir.