Azərbaycanda ümumvətəndaş pasportlarının verilməsi qaydalarına dəyişikliklər ediləcəkdir
Bakı, 1 iyun (AZƏRTAC). Azərbaycanda ümumvətəndaş pasportlarının verilməsi qaydalarına dəyişikliklər ediləcəkdir.
Milli Məclisdən AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna dəyişikliklər olunacaqdır. Qanun layihəsi artıq Milli Məclisə təqdim edilmişdir.
Layihədə deyilir ki, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində veriləcəkdir (hazırda qüvvədə olan qanunda bu müddət bir ay nəzərdə tutulmuşdur).
Digər bir dəyişiklikdə isə göstərilir ki, ümumvətəndaş pasportu alınarkən vətəndaş müvafiq quruma fotoşəkil təqdim etməyəcəkdir.
Həmçinin vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yerləşdirilməsinə dair müddəanın da qanundan çıxarılması nəzərdə tutulmuşdur.
Bundan başqa, ümumvətəndaş pasportlarının 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara verilməsi təklif olunmuşdur.
Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilməsi nəzərdə tutulmuşdur.
Yeni sənəddə qeyd olunur ki, xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu ödənilməyəcəkdir.
Pasportda göstərilən məlumatlar sırasında pasportun seriyası, vətəndaşla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix sözləri çıxarılır, məlumatlar sırasına “fərdi identifikasiya nömrəsi” və “etibarlılıq müddəti” sözləri əlavə olunur. Pasportda elektron daşıyıcı (çip) yerləşdiriləcək. Elektron daşıyıcıya pasport sahibinin imzası istisna olmaqla, müvafiq məlumatlar, pasport sahibinin üz təsviri, iki əl-barmaq izi daxil edilir.
Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəkilinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir.
Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın adı, atasının adı, soyadı dəyişdikdə və ya pasport, onun elektron daşıyıcısı yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir.
Pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilməlidir.
Qanun layihəsi qəbul olunarsa, 2013-cü il iyunun 1-dək verilən pasportlar etibarlılıq müddəti bitənədək və ya vətəndaşın soyadı, adı, atasının adı dəyişənədək, yaxud pasport itənədək, yararsız hala düşənədək və ya pasportun üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.