Azərbaycanı dinamik inkişaf yoluna Ulu öndər Heydər Əliyev çıxarıb
Mingəçevir, 15 iyul (AZƏRTAC). YAP Mingəçevir şəhər təşkilatı icra hakimiyyəti ilə birgə ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibəti ilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən film nümayiş olundu.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gəlməsinin nəticələrindən və onun Azərbaycan dövlətinin inkişafındakı rolundan danışdılar. Bildirildi ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan kəşməkəşli və şərəfli yol ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlayıb. Onun yüksək təşkilatçılıq və idarəçilik məharəti nəticəsində Azərbaycan cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq olmuşdu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngi təmin edilmişdi. Ümummilli Liderin o dövrdə həyata keçirdiyi geniş quruculuq işləri strateji xarakter daşımış, Azərbaycanın bugünkü müstəqilliyinə xidmət etmişdi.
Natiqlər hazırda ulu öndərin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladılar.