İQTİSADİYYAT
Azərbaycanın bank sektoru Türkiyənin ödəniş sistemləri təcrübəsini öyrənir
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun, o cümlədən Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin nümayəndəsinin də təmsil olunduğu geniş tərkibdə nümayəndə heyətinin Türkiyəyə təcrübə mübadiləsi üzrə rəsmi səfəri başlayıb.
ABA-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 26-28-də baş tutacaq səfərin əsas məqsədi qardaş Türkiyənin bank sisteminin rəqəmsal transformasiyası üzrə əldə olunan nailiyyətlərinin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsidir.
Səfər çərçivəsində Türkiyənin “Banklararası Kart Mərkəzi”, “İng Bank”, “Vakıfbank”, “Ziraat Bank”, “Yapı Kredi Bank”, “Aktif Bank” kimi iri maliyyə institutları ilə yanaşı, “Visa İnc.” Beynəlxalq ödəniş sisteminin Türkiyə üzrə nümayəndəliyi, “Birleşik Ödeme Hizmetləri”, “Token”, “Payten” kimi fintex şirkətləri ilə görüşlər keçiriləcək. Görüşlərin əsas mövzularına rəqəmsal bank məhsul və xidmətləri, ödəniş alətləri, o cümlədən ödəniş kartları və bu sahədə tətbiq olunan yeniliklər, fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri, innovativ ödəniş həll və texnologiyalarının tətbiqi, banklarla fintexlərin qarşılıqlı əməkdaşlıq istiqamətləri və digərləri aiddir.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis olunub. ABA-nın əsas məqsədi üzv təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.