Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb
Tbilisi, 26 dekabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günündə Azərbaycanın Batumidəki baş konsulluğunun binasında dövlət bayrağı yarıya qədər endirilib.
AZƏRTAC xəbər verir ki, faciə ilə əlaqədar baş konsulluqda xatirə kitabı açılıb, baş konsulluğun sosial şəbəkə hesablarında hadisə ilə əlaqədar paylaşımlar edilib.
Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze, Batumi şəhər meri Arçil Çikovani, Gürcüstanın Acarıstan Muxtar Respublikası, Quriya, Sameqrelo-Zemo Svaneti, İmereti və Ratça-Leçxumi və Kvemo Svaneti regionlarında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşları, SOCAR-ın Acarıstan nümayəndəliyinin rəhbəri və əməkdaşları, SOCAR Kulevi Neft Terminalının rəhbərliyi və əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Batumidə yaşayan soydaşlarımız Azərbaycan baş konsulluğuna gələrək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.
Eyni zamanda, başsağlığı qeydləri elektron qaydada [email protected] e-mail vasitəsilə qəbul edilir.
Qeyd edək ki, sükut dəqiqəsi zamanı SOCAR Kulevi Neft Terminalı, Qara dənizinin sahil sularında sıralanan xarici gəmilərdən siqnal səsi verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi