Azərbaycanın BMT Təhlükəsizlik Şurasında Keniyadakı vəziyyətlə bağlı nümayiş etdirdiyi mövqe yüksək qiymətləndirilmişdir
Bakı, 16 noyabr (AZƏRTAC). BMT Təhlükəsizlik Şurasının “Afrikada sülh və təhlükəsizlik” bəndi altında noyabrın 15-də keçirilmiş iclasında Beynəlxalq Cinayət Məhkəməsində (BCM) Keniyada vəziyyətlə əlaqədar baxılan işin BCM-in Statusunun 16-cı maddəsinə uyğun olaraq təxirə salınması barədə qətnamə layihəsi üzrə səsvermə olmuşdur. Təhlükəsizlik Şurasının 7 üzvü layihənin lehinə səs vermiş, 8 dövlət bitərəf qalmışdır.
Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, zəruri olan 9 səs toplana bilinmədiyindən qətnamə layihəsi qəbul edilməmişdir.
Azərbaycan, Çin, Mərakeş, Pakistan, Ruanda, Rusiya Federasiyası və Toqo qətnamə layihəsinin lehinə səs vermişlər. Azərbaycan, həmçinin layihənin həmmüəllifi olmuşdur.
Səsvermə zamanı çıxış edən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev demişdir ki, terrorizm təhdidi ilə üzləşən Keniyanın yüksək vəzifəli şəxslərinin BCM-ə cəlb edilməsi ölkədə və regionda sabitliyin pozulmasına səbəb ola bilər. BCM tamamlayıcı xarakter daşıyır və hazırkı vəziyyətdə Keniya Hökuməti 2007-ci il seçkilərindən sonra baş vermiş gərginliklə əlaqədar milli səviyyədə istintaqı davam etdirir. Digər tərəfdən Keniya Hökuməti Məhkəmə ilə də əməkdaşlıq edir və işin təxirə salınması cəzasızlıq tədbiri kimi qəbul olunmamalıdır.
İclasdakı çıxışları zamanı BMT Təhlükəsizlik Şurasında Afrika qitəsini təmsil edən dövlətlərin nümayəndələri, eləcə də Keniyanın BMT yanında daimi nümayəndəsi və Afrika Birliyinin sədri qismində çıxış edən Efiopiyanın səfiri öz hökumətləri və təmsil etdikləri qitə adından Azərbaycana layihə üzrə danışıqlarda və səsvermədəki qəti mövqeyinə görə təşəkkür etmişlər. Bununla yanaşı, məsələnin Təhlükəsizlik Şurasında irəliyə aparılması istiqamətində Azərbaycan tərəfinin vacib səyləri, xüsusilə də sədrliyimiz zamanı məsələ ilə bağlı Təhlükəsizlik Şurasının müzakirələrinin təşkil edilməsi yüksək qiymətləndirilmişdir.