AZƏRBAYCANIN BUDAPEŞTDƏKİ SƏFİRLİYİNDƏ MACARISTAN-AZƏRBAYCAN PARLAMENT DOSTLUQ QRUPUNUN ÜZVLƏRİNİN GÖRÜŞÜ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 23-də ölkəmizin Budapeştdəki səfiri Həsən Həsənov Macarıstan Parlamentlərarası İttifaqının sədri Qabor Xarş, Macarıstan-Azərbaycan parlament dostluq qrupunun sədri Yanoş Xorvat başda olmaqla qrupun üzvləri, bu ölkənin ali qanunvericilik orqanının digər deputatları ilə görüşmüşdür. Görüşdə Macarıstan XİN-in əməkdaşları da iştirak etmişlər.
Qonaqları salamlayan səfir H.Həsənov Azərbaycandakı sabit ictimai-siyasi vəziyyətdən, ölkəmizin siyasi və iqtisadi nailiyyətlərindən, inkişaf etməkdə olan Azərbaycan-Macarıstan münasibətlərindən söhbət açaraq xüsusi vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 18-19-da Budapeştə dövlət səfəri ikitərəfli əməkdaşlıq, o cümlədən parlamentlərarası səviyyədə əməkdaşlıq üçün geniş imkanlar açır. Səfir Azərbaycan xalqının bu günlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyini layiqincə qeyd etməyə hazırlaşdığı barədə qonaqlara məlumat vermişdir.
Yanoş Xorvat bildirmişdir ki, Macarıstan parlamentinin sədri xanım Katalin Sili Azərbaycana rəsmi səfərə dəvət almışdır. Heç şübhəsiz, bu səfər dövlətlərimiz arasında ikitərəfli münasibətlərin tarixində daha bir dönüş nöqtəsi olacaqdır. Y.Xorvat demişdir ki, Macarıstan nümayəndə heyətinin tərkibində bu ilin iyun ayında Azərbaycan Respublikası parlamentinin 90 illiyi münasibətilə bayram şənliklərində iştirak edəcəkdir.
Qabor Xarş Macarıstan-Azərbaycan dostluq qrupunun yaradılmasında səfir H.Həsənovun böyük rolunu vurğulayaraq bildirmişdir ki, bu, Cənubi Qafqaz respublikaları ilə yaradılmış ilk belə qrupdur. Parlamentdə müxtəlif partiyaları təmsil edən ayrı-ayrı deputatlar isə Macarıstan-Azərbaycan dostluq qrupunun əhəmiyyətindən və ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi ilə bağlı vəzifələrdən danışmışlar.
Görüşdə Heydər Əliyev Fondunun nəşr etdirdiyi “War against Azerbaijan” kitabının təqdimatı oldu. Bildirildi ki, kitabda Ermənistanın Azərbaycanın tarixi və mədəni irsinə qarşı təcavüzkar siyasətindən söhbət açılır.
Azərbaycan haqqında filmin nümayişi və rəssamlarımızın sərgisi qonaqların böyük marağına səbəb olmuşdur.
Görüş iştirakçılarına ingilis və macar dillərində Azərbaycan haqqında kitablar təqdim edilmişdir.