AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜN BƏRPASI ESTONİYA ÜÇÜN PRİNSİPİAL ƏHƏMİYYƏT KƏSB EDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Estoniya Müdafiə Qüvvələrinin komandanı general-leytenant Ants Laaneots mayın 29-da ölkəmizə ikigünlük rəsmi səfərə gəlmişdir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə qonaq Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Ants Laaneots Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsinə də ehtiramını bildirmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Sonra Müdafiə Nazirliyində general-leytenant Ants Laaneotsun təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Silahlı Qüvvələrinin fəxri qarovulu düzülmüşdür.
Azərbaycan və Estoniyanın dövlət himnləri səsləndikdən sonra nazirlər arasında təkbətək, sonra isə geniş tərkibdə görüş olmuşdur.
General-polkovnik Səfər Əbiyev ölkələrimiz arasında yaranan əməkdaşlıq münasibətlərindən razılığını ifadə edərək bildirmişdir ki, Estoniyanın NATO üzvü kimi qazandığı təcrübə Azərbaycan üçün böyük maraq kəsb edir. Azərbaycanın “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə fəal əməkdaşlıq nəticəsində yiyələndiyi nailiyyətlərdən söhbət açan S.Əbiyev Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) səviyyəsində son illər xeyli irəliləyişin əldə edildiyini vurğulamışdır. Planın birinci mərhələsi uğurla yerinə yetirilmiş, ikinci mərhələyə artıq başlanılmışdır.
Regionda mövcud hərbi-siyasi vəziyyətə toxunan S.Əbiyev bildirmişdir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqdadır. Münaqişənin dinc şəkildə nizamlanmasına maneçilik törədən Ermənistan BMT TŞ-nin qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirmir. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun səyləri də bir nəticə vermir. Nazir qeyd etmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünün təmin edilməsində heç bir güzəştə yol verməyəcəkdir, Ermənistan dinc yolla problemin həllini ləngitməkdə davam edərsə, Azərbaycan bu münasibətlə qətiyyən barışmayacaq və nəyin bahasına olursa-olsun öz torpaqlarını işğaldan azad edəcəkdir. Ermənistan bunu birdəfəlik anlamalıdır.
Estoniya Müdafiə Qüvvələrinin komandanı əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu qeyd etmişdir. Münaqişəyə gəldikdə isə, qonaq Azərbaycanın ərazi bütövlüyünün bərpasının Estoniya üçün prinsipial əhəmiyyət kəsb etdiyini və işğal olunmuş torpaqların Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirmişdir.
Görüşdə hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
######
