İDMAN
Azərbaycanın futbol klubları avrokubokların 2013/2014-cü il mövsümünün ilk həftəsinin ən yaxşıları sırasında yer almışdır
Bakı, 5 iyul (AZƏRTAC). Azərbaycanın futbol klubları avrokubokların 2013/2014-cü il mövsümünün ilk həftəsinin ən yaxşıları sırasında yer almışdır.
AZƏRTAC xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş ümumilikdə 40 qarşılaşmadan sonra yalnız 6 ölkə hesabına 4 və daha çox xal yazmışdır.
Avrokuboklarda qələbənin 2, heç-heçənin 1 xalla dəyərləndirildiyini nəzərə alsaq, Latviya klubları hamıdan üstün olmuşdur. Onlar 2 qələbə qazanmış və 1 heç-heçə etmişdir.
Latviya kimi məğlub olmayan Bosniya və Herseqovina və Macarıstanın 2 komandası mübarizəyə başlamış və hər ikisi qalib gəlmişdir. Azərbaycan və İslandiya da yenilməzlərdəndir. Onların hərəyə 1 qələbə və 2 heç-heçəsi vardır. İki qələbə qazanmaqla diqqət çəkən Lüksemburqun isə 1 məğlubiyyəti vardır.
Qeyd edək ki, Azərbaycan klublarından “Qarabağ” Makedoniyada “Metallurq”u 1:0 hesabı ilə məğlub etmişdir. “Xəzər-Lənkəran” və “İnter” isə heç-heçə etmişlər. Onlar müvafiq olaraq Malta “Slima”sı və Finlandiya “Mariehamn”ı ilə eyni - 1:1 hesabı ilə sülh bağlamışlar.