MƏDƏNİYYƏT
“Azərbaycanın gənc rəssamları” festivalı başa çatmışdır
Bakı, 19 may (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycanın gənc rəssamları” festivalının yekun tədbiri keçirilmişdir. Festival Rusiya MDB, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin (“Rossotrudniçestvo”) Bakı nümayəndəliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Gənclər art-klubu” layihəsi çərçivəsində keçirilmişdir.
Festivalın əsas məqsədi Rusiya ilə Azərbaycan arasında gənclər sahəsində mədəni əlaqələrin möhkəmləndirilməsi ilə əlaqədar birgə layihələrdə iştirak edəcək istedadlı azərbaycanlı gənclərin üzə çıxarılması, gənc rəssamların Rusiya mədəniyyəti və tarixi ilə daha yaxından tanış olması üçün şərait yaradılmasıdır. Xatırladaq ki, festival zamanı RİMM-də təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin sərgisi keçirilmişdir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ-nin Xalq Rəssamı Tahir Salahov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, həmvətənlər təşkilatlarının, ictimai birliklərin, gənclərin nümayəndələri iştirak etmişlər.
V.Doroxin çıxışında bildirmişdir ki, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü hər iki ölkədə yüksək səviyyədə qeyd olunmuşdur. Bu tədbir çoxəsrlik tarixə malik geniş ikitərəfli əlaqələrdən xəbər verir. Mədəniyyət və incəsənəti iki dövləti birləşdirən körpü adlandıran səfir bildirmişdir ki, RİMM müxtəlif mədəni tədbirlərin keçirildiyi populyar meydançaya çevrilmişdir.
Tahir Salahov festivalın qaliblərini və iştirakçılarını təbrik etmişdir.
Münsiflər heyətinin qərarı ilə müxtəlif nominasiyalarda qalib gəlmiş 6 rəssama fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Rəsmi hissədən sonra təşkil olunmuş bayram konsertində gənclər rus və Azərbaycan, habelə dünya bəstəkarlarının vokal və instrumental əsərlərini ifa etmişlər.