Maurea Tuaiahutapu: Bakı konfransında Azərbaycan Hökumətinin dəstəyini bir daha hiss etdik
Bakı, 30 may, AZƏRTAC
Fransız Polineziyasına, xalqıma bu şəraiti yaratdığına görə Azərbaycan Hökumətinə, parlamentinə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm.
Bu fikirləri ölkəmizdə səfərdə olan Fransız Polineziyasının nümayəndə heyətinin üzvü, Fransız Polineziyası Assambleyasının Büdcə və Maliyyəyə Nəzarət Komissiyasının sədri Maurea Tuaiahutapu mayın 30-da Milli Məclisdə keçirilən mətbuat konfransında AZƏRTAC-ın sualını cavablandırarkən səsləndirib.
Qonaq bildirib ki, “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda Bakıda keçirilən konfransdan gözləntiləri vardır: “İnanırıq ki, bu konfrans vasitəsilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqımın səsi dünya ictimaiyyətinə çatdırılacaq. Biz bu konfransda Azərbaycan Hökumətinin dəstəyini bir daha hiss etdik”.
O, müstəqillik qazandıqdan sonra ölkəsinin inkişafı üçün səy göstərəcəklərini vurğulayıb.