Azərbaycanlı tədqiqatçının fikirləri Malayziyanın dövlət agentliyində dərc olunub
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyində Bakının tarixi yerlərindən bəhs edən reportaj dərc olunub. Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün paytaxtımıza gələn BERNAMA-nın əməkdaşı Nina Müslüm qədim Qız qalası, Şirvanşahlar sarayı və İçərişəhəri gəzərək gördüklərini qələmə alıb.
AZƏRTAC xəbər verir ki, reportajda jurnalist “Qız qalası” əfsanəsini Rapunzellə müqayisə edib.
Bakının qədim yerlərini qarış-qarış gəzən müxbir yazıda keçdiyi dolanbac küçələrdən, karvansaraydan, qədimliyi ilə seçilən dükanlardan, binalardan, bənzərsiz xalçalarımızdan, gördüyü bütün maraqlı mənzərələrdən söhbət açıb.
Reportajında tədqiqatçı-jurnalist, “Milli Fikir və İnkişaf” İctimai Birliyinin sədri Anar Turanın fikirlərinə də geniş yer ayrılıb. Malayziyalı jurnalistə müsahibə verən A. Turan UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı və tarixi barədə ətraflı məlumat verib, xalqımızın humanizm, tolerantlıq ənənələrinə sadiqliyindən söhbət açıb.
Müsahibədə qədim Bakının simvolları olan bu tarixi məkanların Azərbaycan xalqının milli-mənəvi dünyagörüşünü əks etdirdiyi, milli mədəniyyət tariximizin görkəmli nümunələrindən olması diqqətə çatdırılıb. Reportajda Bakının füsunkarlığı və qədimliyi ilə yanaşı, ev heyvanlarına olan özəl münasibətdən də söhbət açılır. Bakını bu humanizm dəyərlərində Yaponiya və Türkiyə ilə müqayisə edən əcnəbi jurnalist Azərbaycana gəlməkdən və burada gördüyü mənzərədən məmnunluğunu ifadə edir.