Azərbaycanın gənclərdən ibarət nümayəndə heyəti Özbəkistana səfər edib
Bakı, 17 oktyabr, AZƏRTAC
Gənclərdən ibarət Azərbaycan nümayəndə heyəti Özbəkistanın Səmərqənd şəhərinə səfər edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlar Özbəkistan - Azərbaycan Gənclər Forumunda iştirak ediblər, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 6-cı iclasına, eləcə də, Beynəlxalq Gənc Liderlər Forumuna və “Nəsillərin dialoqu” adlı iclasa qatılıblar.
Forumun açılış mərasimində Özbəkistanın gənclər siyasəti və idman nazirinin birinci müavini, Gənclərlə İş Agentliyinin direktoru Alişer Zafaroviç Sadullayev və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış ediblər. Daha sonra tədbir gənclərlə iş, sahibkarlıq, turizm mövzularında hər iki ölkənin nümayəndələrinin çıxışları və mədəni proqram ilə davam edib.
AQEM Gənclər Şurasının 6-cı iclasında üzv ölkələrin iştirakı ilə gənclərlə iş sahəsində hər ölkə öz təcrübəsini bölüşüb, gələcək birgə fəaliyyətlər barədə müzakirələr aparılıb.