İQTİSADİYYAT
Azərbaycanın informasiya texnologiyaları şirkətlərinin konsorsiumu Tanzaniya tenderində qalib ola bilər
Bakı, 2 may, AZƏRTAC
Tanzaniya Gəlirlər İdarəsinin inteqrasiya olunmuş Daxili Vergi İnzibatçılığı Sisteminin yaradılması və tətbiqi üzrə keçirilən tender çərçivəsində Azərbaycanın informasiya texnologiyaları şirkətlərindən ibarət konsorsium qalib gələ bilər.
İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, SINAM JV MFI konsorsiumuna Azərbaycanın SINAM, “Cybernet”, “Bestcomp Group” şirkətləri və Tanzaniyanın “MFI Document Solutions” şirkəti daxildir. Konsorsiumun əsas podratçısı SINAM şirkətidir.
Tenderin şərtlərinə əsasən, qiymətləndirmə zamanı maliyyə təklifi 40, texniki təklif isə 60 əmsalına malikdir. Ona görə də SINAM JV MFI konsorsiumunun maliyyə təklifi ilə 800 min ABŞ dollarlıq fərq texniki qiymətləndirmə zamanı heçə enə bilər. Çünki “23rd Century System” şirkətinin avtomatlaşdırılmış vergi sisteminin yaradılması və tətbiqi sahəsində təcrübəsi yoxdur.
Qeyd edək ki, Azərbaycan şirkətləri maliyyə sahəsində daha bir neçə iri layihə reallaşdırıblar ki, bu da onların uğur qazanmaq şansını bir az da artırır.
Texniki cəhətdən Azərbaycan konsorsiumu ilə müqayisədə eyni səviyyədə olan digər iştirakçıların qiymət təklifləri isə ən azı 25 faiz bahadır.
Konsorsium yaradılarkən onun iştirakçılarının Tanzaniyada keçirilən tenderin predmetinə uyğun olaraq həmin layihəyə oxşar layihələrdə iş təcrübəsi, kadr potensialı, maliyyə imkanları və respublika xaricində reallaşdırılan layihələrdə iştirak təcrübəsi kimi çox mühüm göstəricilər nəzərə alınıb.