İQTİSADİYYAT
Azərbaycanın informasiya texnologiyaları şirkətlərinin konsorsiumu Tanzaniyada tenderin ikinci mərhələsinə dəvət alıb
Bakı, 31 mart, AZƏRTAC
Əsas podratçı SİNAM şirkəti olan Azərbaycanın “Cybernet” və “Bestcomp Group” şirkətləri və yerli tərəfdaş qismində Tanzaniyanın “MFI Document Solutions” şirkətinin daxil olduğu konsorsium Tanzaniya Gəlirlər İdarəsinin İnteqrasiya olunmuş Daxili Vergi İnzibatçılığı Sisteminin tətbiqi üzrə keçirilən tenderdə iştirak edir.
SİNAM şirkətindən AZƏRTAC-a bildirilib ki, tenderdə iştirak etmək üçün bu şirkətin başçılıq etdiyi konsorsiumla yanaşı, həmçinin Keniya, Braziliya, Cənubi Afrika Respublikası, Kanada, Zimbabve və Lüksemburqdan olan, ümumilikdə, 8 şirkət öz təkliflərini təqdim edib.
Tenderin birinci mərhələsinin qiymətləndirilməsi artıq başa çatıb və sözügedən konsorsium öz təklifini təqdim etmək üçün növbəti mərhələyə dəvət alıb.
Konsorsium bu müsabiqədə qalib gəlmək və Azərbaycanın informasiya texnologiyaları həllərini Afrika bazarına ixrac etmək üçün öz səylərini davam etdirəcək.